Naxçıvanda özünüməşğulluq proqramının icrası istiqamətində işlər uğurla davam etdirilir
Naxçıvan, 11 fevral, AZƏRTAC
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ötən ay muxtar respublika üzrə, ümumilikdə, sosial qayğıya ehtiyacı olan 27 ailə müəyyənləşdirilib və 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə döşəmə hamarlayan dəzgah və 3 nəfərə isə mini yerşumlayan aqreqat verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər ki, ötən ay özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfəri gənc, 1 nəfəri şəhid ailəsi üzvü olub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısından, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövrdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Çomaxtur kənd sakini Rüfət Əliyevə arpa-buğda qıran aqreqat verilib.