Naxçıvanda yeni meşəlik salınması məqsədilə 3300 ting əkilib
Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə meşəsalma tədbiri həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir çərçivəsində Pürcuvar Dövlət Meşəsinin meşə ilə örtülü olmayan hissəsində yeni meşəlik salınması məqsədilə 3 hektar sahədə 3300 ədəd oleandr, çinar və şam tingi əkilib.
Regionun ekoloji balansını qorumaqda, hava keyfiyyətinin yaxşılaşdırılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım hesab edilən meşəsalma və meşəbərpa tədbirləri il ərzində davam etdiriləcək.