Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb. “Böyük Ermənistan” yaratmaq xülyası ilə ermənilər Bakıda və Azərbaycanın bir çox bölgələrində əhaliyə amansız divan tutub, talanlar törədiblər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasəti nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb, Azərbaycanın əzəli-tarixi torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, erməni işğalından əziyyət çəkir. Təəssüf ki, dünya birliyi bunu görməzdən gəlir.
Mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi Azərbaycan tarixində qanlı səhifələr açıb.
Azərbaycanda sovet rejimi qurulduqdan sonra isə bu hadisələrin əsl mahiyyəti xalqdan gizlədilib, arxivlər bağlı saxlanılıb. Lakin ölkəmiz ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımıza qarşı törədilən faciələrin obyektiv şəkildə öyrənilməsi istiqamətində geniş imkanlar açılıb. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Təsadüfi deyil ki, Ulu Öndər çıxışlarının birində qeyd edib: “Biz tariximizin hər bir dövrünü subyektivlikdən kənar, olduğu kimi yazmalıyıq. Təhriflər həmişə xalqa zərər gətiribdir”.
Bəxtiyar Əsgərov çıxışında onu da əlavə edib ki, bu soyqırımı gününün qeyd edilməsi Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın özünü ifadəsidir. Tarix heç zaman unudulmur, heç nə yaddan çıxmır.
Daimi nümayəndəliyin rəhbəri Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hər il silsilə anım tədbirlərinin keçirildiyini və bu məsələnin diqqətdə saxlanıldığını qeyd edib.