Nazim İmanov: İqtisadiyyat İnstitutu sifariş əsasında Dövlət Proqramının hazırlanmasında iştirak edib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə İqtisadiyyat İnstitutu sifariş əsasında Dövlət Proqramının hazırlanmasında iştirak edib. 2017-ci ildə Mərkəzi Bankın və “MasterCard Advisors” şirkətinin mütəxəssisləri ilə birlikdə institutun bir qrup alimi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” layihəsini hazırlayıb. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov rəhbərlik etdiyi qurumun 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
N.İmanov İqtisadiyyat İnstitutunun 13 elmi və 6 inzibati şöbədən ibarət olduğunu, müəssisədə 200-ə yaxın əməkdaşın çalışdığını qeyd edib. Bildirib ki, onlardan 19-u iqtisad elmləri doktoru, 52-si iqtisad üzrə fəlsəfə doktorudur.
Alim bildirib ki, AMEA-nın digər institutlarında olduğu kimi, İqtisadiyyat İnstitutunda da dünyanın çağırışlarına cavab verən prioritet istiqamətlərdə araşdırmalar aparılır. Tədqiqatçıların hazırladığı elmi məqalələr, əldə etdikləri nailiyyətlər dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında nəşr olunur.
Fundamental-nəzəri tədqiqatlar sahəsində əldə olunan yeniliklərdən söz açan direktor bildirib ki, institut ilk dəfə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi səviyyəsinin ölçülməsi metodologiyasını hazırlayıb və bu metodologiya əsasında 95 ölkə üzrə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin səviyyəsi kəmiyyətcə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində ilk dəfə 100 ölkənin iqtisadi modelləri liberallıq-dirijistlik baxımından təsnifləşdirilib. Bu, həm nəzəri, həm də ciddi praktik əhəmiyyəti olan bir tədqiqat proqramıdır. Artıq müəyyən nəticələr ölkəmizdə və xaricdə ictimailəşdirilib. Yekun nəticələr isə bir neçə aydan sonra nəşr ediləcək.
O, AMEA-nın tarixində ilk dəfə İqtisadiyyat İnstitutunda yaradılmış “müzakirə və mükalimə meydançaları” haqqında da məlumat verib. Qeyd edib ki, hazırda institutda “Kreativ iqtisadiyyat”, “Doktorantlar” və “Gənc alimlər” diskussiya klubları fəaliyyət göstərir. Bu klublarda müvafiq mövzularda seminar-diskussiyalar keçirilir, mühazirələr təqdim olunur, iştirakçılar arasında geniş fikir mübadiləsi aparılır. Müzakirələrdə təkcə institutun əməkdaşları deyil, həm də kənar təşkilatlardan dəvət olunmuş mütəxəssislər, o cümlədən dövlət və hökumət orqanlarının nümayəndələri çıxış edirlər.