Nazir: Azərbaycan təhsil sistemində tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf faktorlarını nəzərə alaraq tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının 100 illiyinə həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, bu sahədəki boşluqlar bir çox səbəblərlə əlaqəli ola bilər: “Məsələn, elmi araşdırmaların yetərsizliyi, təhsil proqramlarında milli kontekstin az nəzərə alınması və ya mövcud metodikaların daha çox ümumi modellərə əsaslanması həmin boşluqlar sırasındadır. Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətlərini nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış və yaşla bağlı inkişaf faktorlarını öyrənən tədqiqatların aparılması həm təhsil siyasətini, həm də metodologiyanı daha effektiv hala gətirə bilər”.
Nazir əlavə edib ki, Azərbaycanda uşaqların yaş qruplarına uyğun olaraq öyrənmə tərzləri, psixoloji xüsusiyyətləri və təhsil ehtiyacları daha ətraflı araşdırıla bilər: “Bunun əsasında yaşa uyğun proqramların hazırlanması çox faydalı olar. Təhsil sistemində milli dəyərləri əks etdirən materialların artırılması və tədris prosesinə daxil edilməsi milli kimliyi gücləndirə bilər. Bu, gənc nəsil üçün həm motivasiya, həm də özünüdərk baxımından əhəmiyyətlidir”.