Nazir müavini: Azərbaycanlı iş adamlarını Tacikistana sərmayə yatırmağa dəvət edirik
Bakı, 22 may, AZƏRTAC
Dünyada davam edən qeyri-sabit siyasi vəziyyətə baxmayaraq, Ticikistan özünün inkişaf mərhələsini yaşamaqdadır. Ölkəmizdə kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sahələri yüksələn xətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzod Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.
O bildirib ki, 2025-ci ildə Azərbaycan ilə Tacikistan arasındakı ticarət dövriyyəsinin həcmi 14,47 milyon dollar təşkil edib. Bu isə 2024-cü ilin dövriyyəsi ilə müqayisədə 45 faiz çoxdur.
“Lakin hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir və biz bu potensialdan istifadə edərək əməkdaşlıq əlaqələrimizi artırmalıyıq” - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Tacikistanda kənd təsərrüfatı, sənaye, enerji sahələrinə investisiya yatırmaq olar: “Bu investisiyalara dövlət təminat verməklə yanaşı, qanunvericilik də geniş imkanlar yaradıb. Güzəştli vergi sərmayədarlar üçün iri həcmdə yatırım etmək istəyi yaradır ki, bunu da Tacikistan həyata keçirir. Xarici sərmayədarlar üçün müxtəlif istiqamətli 200-ə yaxın güzəştlər tətbiq edilir”.
“Azərbaycan bizim üçün yaxın dost ölkədir və buna görə də yerli iş adamlarını Tacikistana sərmayə yatırmağa çağırırıq” - deyə nazir müavini əlavə edib.