Nazir müavini: Ölkəmizdə rəqabətədavamlı insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir
Bakı, 17 iyul, AZƏRTAC
Müasir dövrdə rəqəmsal transformasiya bütün dünyada sürətlə davam edir. Texnoloji inkişaf iqtisadiyyatın, əmək bazarının və dövlət idarəçiliyinin yeni tələblərini formalaşdırır. Bu şəraitdə ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri yüksəkixtisaslı və rəqabət qabiliyyətli insan kapitalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı olan - “IT SkillSprint”in bağlanış mərasimindəki çıxışı zamanı deyib.
O bildirib ki, bu səbəbdən ölkəmizdə rəqabətədavamlı insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib.
“Tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, real layihələrdə iştirak etməsi və əmək bazarına hazır mütəxəssis kimi formalaşması əsas hədəflərdəndir. Sənayenin ehtiyaclarına uyğun kadr hazırlığını təşviq edən "Hire and Train" modeli tətbiq olunur. Bu model çərçivəsində beynəlxalq texnologiya şirkətlərinin iştirakı ilə yerli mütəxəssislərin hazırlanması və onların konkret layihələrə cəlb edilməsi təmin edilir. Beləliklə, təhsil ilə əmək bazarı arasında əlaqənin daha da gücləndirilməsi hədəflənir”, - deyə nazir müavini qeyd edib.
Fotoqraf - Səfiyar Məcnun