Nazir müavini: Pandemiya dövründə Azərbaycan etibarlı tranzit tərəfdaş kimi çıxış edib
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Türkiyənin sədrliyi ilə videokonfrans formatında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat üzrə 11-ci nazirlər toplantısında iştirak edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfrans zamanı nazir müavini Rəhman Hümmətov pandemiya dövründə Azərbaycanın etibarlı tranzit və logistik tərəfdaş kimi öz ərazisindən maneəsiz tranzit daşımalarını təmin etməsi barədə məlumat verib.
Nazir müavini Türkiyədən keçməklə Avropaya nəqliyyat əlaqələrini şaxələndirəcək, eləcə də Azərbaycandan keçən bütün nəqliyyat dəhlizlərini birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Rəhman Hümmətov, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, bir beynəlxalq aeroportun artıq inşa olunub istifadəyə verildiyi və iki beynəlxalq aeroportun, avtomobil və dəmir yollarının tikintisinin uğurla davam etdirildiyi barədə məlumat verib.
İclasda regional əməkdaşlıq sahələri, regionda nəqliyyat və əlaqəliliyin daha da inkişafı və təkmilləşdirilməsi üçün tövsiyələr, təklif edilən həll yolları, o cümlədən İƏT Tranzit Nəqliyyatı Çərçivə Sazişinin (TTFA) tam icrası haqqında müzakirələr aparılıb.
Sonda Ankara Bəyannaməsi qəbul edilib.