Nazir müavini: Yaxın beş ildə “bulud texnologiyaları”ndan geniş istifadəyə imkan yaranacaq
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanda “Hökumət Buludu” konsepsiyası “Hökumət Buludu”nun inkişafı üzrə 2020-ci ilədək strateji, 2025-ci ilədək uzunmüddətli və 2025-ci ildən sonrakı hədəf baxışlarına nail olunmasına dəstək mexanizmi rolunu oynayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən “Təhlükəsiz “Hökumət Buludu” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, 2020-ci ilədək strateji baxışda dövlət idarəçiliyində iqtisadi və sosial proseslərdə tətbiq olunan informasiya sistemlərinin fəaliyyəti zərurilik nəzərə alınmaqla mərhələli şəkildə “bulud texnologiyası” əsasında təşkil ediləcək və “Hökumət Buludu” infrastrukturuna keçid təmin olunacaq: “2025-ci ilədək uzunmüddətli baxışda İKT-nin tətbiqinin genişləndirilməsi və istifadə səmərəliliyinin artırılması üçün innovativ islahatlar davam etdiriləcək, elektron xidmətlərin çeşidi artırılacaq, beynəlxalq tələblərə cavab verən standartların tətbiqi daha da genişlənəcək. Rəqəmli iqtisadiyyatın formalaşması sahəsində görülən işlər fəallaşdırılacaq, regional data mərkəzləri şəbəkəsində “Hökumət Buludu”nun infrastrukturunun potensialı gücləndirilərək bu tələbatları ödəməyə xidmət edəcək”.
Nazir müavini əlavə edib ki, yaxın 5 il ərzində “bulud texnologiyaları”ndan geniş istifadəyə imkan yaranacaq. Nəticədə dövlət və biznes qurumları öz istifədəçilərinə geniş çeşiddə “bulud texnologiyası” əsasnda həllər və xidmətlər təklif edəcək.