NAZİRLƏR KABİNETİNDƏ MÜŞAVİRƏ
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının, ölkənin bank qurumları nümayəndələrinin iştirak etdikləri müşavirədə məcburi köçkünlərin yemək xərci üçün aylıq müavinətlərinin plastik kartlarla bankomat vasitəsilə ödənilməsinin vəziyyəti müzakirə olunmuşdur.
Əli Həsənov bildirmişdir ki, aylıq müavinətlərin plastik kartlar vasitəsilə ödənilməsi sistemi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən tətbiq edilir, “Kapital Bank” və onun filialları vasitəsilə həyata keçirilir. Prosesə artıq Bakı və Sumqayıt şəhərlərində başlanmışdır.
“Kapital Bank” Səhmdar Bankı idarə heyətinin sədri Rauf Rzayev məlumat vermişdir ki, hazırda bankın 161 bankomatı, 158 pos-terminalı fəaliyyət göstərir. Bankomatların əksəriyyəti regionlarda quraşdırılmışdır. İşğal olunmuş rayonların icra hakimiyyətlərinin 61 min ədəd plastik kart barədə sifarişi yerinə yetirilmişdir.
Ağdam, Zəngilan, Kəlbəcər, Şuşa, Laçın, Qubadlı, Füzuli rayonları icra hakimiyyətlərinin başçıları Həsən Sarıyev, Vəli Quliyev, Sahib Əkbərov, Nizami Bəhmənov, Elbrus Təhməzov, Malik İsaqov, Nəbi Muxtarov, “Kapital Bank”ın Xətai rayon filialının direktoru Əli Məlikov çıxış etmiş, təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, artıq ağdamlılar rayonun işğal edilməmiş ərazilərində məskunlaşırlar. Bütün icra strukturları da burada öz fəaliyyətlərini bərpa etmişlər. Bank əməliyyatları isə hələ də Bərdədə həyata keçirilir. Ağdamda bank açılmasına ehtiyac vardır. Eyni problem Ağcabədi rayonu ərazisindəki “Taxta körpü” qış yataqlarında məskunlaşmış laçınlıları da narahat edir. Xanlarda bankomat qoyulması bu rayonda məskunlaşmış kəlbəcərliləri müavinət üçün Gəncəyə gəlib-qayıtmaq əziyyətindən xilas edərdi. Bankomatların qarşısında növbələrin yaranmamasından ötrü isə müavinətlərin banka və onun filiallarına hər ayın 15-dən 20-dək olan müddətdə köçürülməsi məqsədəuyğundur.
Sentyabrın 1-dək 128 min məcburi köçkün ailəsinin (530 min nəfər) hamısının kart sistemi ilə əhatə olunması qərara alınmışdır.