NDU-da payız semestrinin imtahan sessiyasında yeniliklər tətbiq olunub
Naxçıvan, 1 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 2020-2021-ci il payız semestrində imtahanlar gün ərzində 100 qrup olmaqla, 1600 tələbənin iştirakı ilə keçirilib. Tələbələr elektron qaydada təşkil edilən imtahanlardan başqa, ənənəvi yazılı və şifahi qaydada da imtahan veriblər.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hər gün keçirilən yazılı imtahanlar üçün xüsusi nəzarət sistemi tətbiq olunan otaq müəyyənləşdirilib. Bundan başqa, xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanların şifahi qaydada keçirilməsi nəzərdə tutulub. Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində keçirilib.
Universitetin rektoru Elbrus İsayev keçirilən imtahanların gedişi prosesi ilə tanış olub, imtahanlarla bağlı tələbələrin arzu və təkliflərini öyrənib.
Elektron imtahanlar bu semestr 13 elektron və 25 yazılı olmaqla, kamera ilə təchiz edilmiş otaqlarda aparılıb.
İmtahanlara ümumi nəzarət etmək üçün isə 9 nəfərdən ibarət imtahan qərargahı yaradılıb, ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası da yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
İmtahan zallarında quraşdırılan veb-kameralar şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterlər vasitəsilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumat əldə edə bilir. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq edilir.
Tələbələr universitetin elektron səhifəsində e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Səhifədə yaradılan “Rektora müraciət” bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaya bilər.
İmtahanlarda bir yenilik də ondan ibarətdir ki, universitetin Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın tətbiqi sayəsində tələbənin müvəffəqiyyət və keyfiyyət faizləri avtomatik olaraq sistemə inteqrasiya edilir və bu da imtahan nəticələrinin hesablanmasını sürətləndirir.