NEFT AKADEMİYASINDA 20 YANVAR ŞƏHİDLƏRİNİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Əvvəlcə tədbir iştirakçıları bu ali məktəbin şəhid tələbələrinin büstləri önünə gül dəstələri qoymuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd Vətən övladlarının xatirəsini yad etmişlər.
ADNA-nın rektoru, AMEA-nın müxbir üzvü Siyavuş Qarayev 20 Yanvar qırğınının mahiyyətini açıqlayaraq demişdir ki, respublikamızın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin doğma torpağa sədaqəti qəlbimizdə sonsuz qürur hissi doğurur. Onların sırasında ADNA-nın üç tələbəsi də vardır.
Kimya-texnologiya fakültəsinin dekanı, dosent Elxan Axundov, energetika fakültəsinin dekanı, dosent Rafiq Quluzadə, şəhid atası Oqtay Novruzbəyli və başqaları 20 Yanvar faciəsinin dəhşətlərindən danışmış, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu bildirmişlər.
Sonra şəhid tələbələrin ailələrinə maddi yardım göstərilmiş, ehsan süfrəsi açılmışdır.