Neft-Kimya Prosesləri İnstitutu alimlərinin yeni monoqrafiyası çapdan çıxıb
Bakı, 17 aprel, AZƏRTAC
AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, eləcə də elmi müəssisənin alim və tədqiqatçı əməkdaşları Rəna Cəfərova, Ülviyyə Yolçuyeva, Çimnaz Salmanova, Gülbəniz Muxtarova, Zaur Ağamalıyev, Sənubər Rəşidova və Ayaz Məmmədovun həmmüəllifliyi ilə “Xam neftlərin struktur-qrup tərkibləri, xüsusiyyətləri və onlarda gedən fotokimyəvi və termiki çevrilmələr” adlı monoqrafiya “Müəllim” nəşriyyatında çapdan çıxıb.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müasir, yüksəkhəssaslıqlı cihazlardan (absorbsion spektroskopiya, xromato-kütlə spektroskopiyası, lüminessensiya, nüvə maqnit və elektron paramaqnit rezonansları, DSK, DTA) istifadə edilməklə Suraxanı və Balaxanı yataqları xam neftlərinin fiziki-kimyəvi, spektral-lüminessent, termiki xüsusiyyətlərinin və bu neftlərdə baş verən fotokimyəvi çevrilmələrin mexanizmləri haqqında müasir təsəvvürlər təqdim edilib. Bu neftlər və onların komponentlərində gedən fotofiziki, fotokimyəvi, o cümlədən fotooksidləşmə proseslərinin elementar mərhələləri müəyyən edilib. Nəticədə tədqiq edilən neftlər və onların aromatik komponentləri müxtəlif sənaye sahələrində (əczaçılıq, neft-kimya, neft emalı və s.) xammal kimi istifadə üçün təklif edilib.
Monoqrafiya neft və neft məhsullarının fiziki-kimyası, neft-kimyası və fotokimya sahəsində meydana çıxan müxtəlif məsələlərin həllində elmi və mühəndis-texniki işçilər, müəllimlər, tələbələr, dissertant və doktorantlar üçün nəzərdə tutulur.