ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çap olunub
Bakı, 15 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları kimya elmlər doktoru Rəna Cəfərova və kimya üzrə fəlsəfə doktoru Ayaz Məmmədovun “Fotokimya: İon kristalları əsasında kristalfosforlar (lüminoforlar)” monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiyada lüminessensiya hadisəsi nəzəri və praktiki baxımdan araşdırılır. İon kristallarının strukturları, faza keçidləri, məxsusi elektron həyəcanlanmaları, bu kristallarda radiasiyanın təsiri altında yaranan rəng mərkəzləri müqayisəli şəkildə təhlil edilir. Göstərilən ion kristallarının və ağır civəyə oxşar elementlərin (Tl+, Pb2+, Bi3+ və s.) əsasında hazırlanmış kristalfosforların spektral-lüminessent xassələri, radiasiyanın təsiri ilə induksiya olunmuş zərrəciklərin əmələ gəlməsi və çevrilməsi mexanizmləri verilir. Gümüş-halogenidlərin amin kompleksləri, onların lüminessent xarakteristikaları müzakirə edilir, alınan lüminoforların tətbiq edilmə yolları araşdırılır.
Kitab kimya və fizika ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar, doktorantlar və spektroskopiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.