NEFT MÜQAVİLƏSİ AZƏRBAYCANIN MİLLİ MƏNAFEYİNƏ CAVAB VERMƏLİDİR
Dövlət başçısı Amerikanın Hyuston şəhərində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Qərbin Neft Şirkətləri Konsorsiumu arasındakı danışıqların gedişindən bəhs edərkən demişdir ki, dünyanın bir çox ölkəsi bu danışıqlara böyük maraq göstərmişdir. Təəssüf ki, Azərbaycanın Qərb şirkətləri ilə əməkdaşlığının inkişafına mane olmaq istəyən qüvvələr var və özü də az deyildir. Bununla əlaqədar müqavilə bağlanmasının zəruriliyi haqqında respublika rəhbərliyinin qəti mövqeyi bir daha bəyan edilmişdir. Prezident habelə müqavilənin qəti və tamamilə razılaşdırılmış layihəsinin tezliklə hazırlanacağına ümid etdiyini bildirmişdir. Heydər Əliyev demişdir ki, Azərbaycan və onun neft sənayesi üçün bu layihənin tarixi əhəmiyyəti olacaq. Məhz buna görə də Qərb şirkətləri başa düşməlidir ki, həmin müqavilə respublika üçün maksimum faydalı olmalıdır. Şübhəsiz, bu zaman tərəfdaşların mənafeyinə də əməl edilməlidir.
Dövlət başçısı “Pennzoyl” şirkətinin danışıqlarda tutduğu realist, əməli mövqedən razı qaldığını bildirmişdir. Xatırladaq ki, bu şirkət artıq Azərbaycana kapital qoymuşdur və bu, müəyyən nəticələr verir. Prezidentin fikrincə, bu səbəbdən də “Pennzoyl” şirkəti bütün şərtlərə əməl olunmaqla, müqavilə bağlanmasına tərəfdaşların hər hansı birindən daha çox maraq göstərir.
Tom Hamilton görüş üçün minətdarlıq etmiş, Azərbaycanın milli mənafeyini nəzərə almalı olan müqavilənin imzalanmasının respublika üçün tarixi əhəmiyyət kəsb edəcəyi barədə Heydər Əliyevin fikri ilə razılaşmışdır. Bununla yanaşı, o demişdir ki, neft yataqlarının işlənməsi haqqında müqavilə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur, ona görə də qarşılıqlı mənafelərin tam başa düşülməsi müvəffəqiyyətli işin şərtlərindən biridir. “Pennzoyl” şirkətinin prezidenti Hyustondakı danışıqların gedişindən bəhs edərkən bildirmişdir ki, razılaşdırılmamış iki məsələ qalmışdır ki, lakin tərəflər bunların qəti həlli üçün səylərini əsirgəmirlər. Tom Hamilton müqavilənin yaxın vaxtlarda imzalanacağına əmin olduğunu bildirmişdir.
Heydər Əliyev görüşün axırında demişdir ki, bütün tərəflərin bir-birini başa düşmələri zəngin yeraltı sərvətləri, o cümlədən çoxlu neft yataqları olan Azərbaycanla gələcək əməkdaşlıq üçün gözəl perspektiv yaradır. Dövlət başçısı əmin etmişdir ki, bu əməkdaşlığın inkişafına hər cür kömək göstərəcəkdir.
Qəbulda xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə iştirak etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri