Neftçala Peşə Məktəbinin tələbələri balıqçılıq müəssisəsində ekskursiyada olub
Bakı, 28 aprel, AZƏRTAC
Neftçala Peşə Məktəbinin balıq yetişdirilməsi mütəxəssisi ixtisası üzrə təhsil alan tələbələri və mühəndis-pedaqoji heyəti “Azerbaijan Fish Farm” MMC-nin Nərə balıq yetişdirmə zavoduna ekskursiya edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı tələbələr balıqçılıq təsərrüfatında müasir avadanlıqlarla tanış olub, gündəlik iş prosesini izləyiblər. Eyni zamanda, tələbələrin balıqçılıq təsərrüfatı, istehsal prosesi barədə məlumatlandırılması üçün mütəxəssislər tərəfindən infotur təşkil edilib. Tələbələr balıqçılıq, kürüdən nərə balıqlarının çıxması prosesi, böyüdülməsi və çoxaldılması barədə ətraflı məlumat əldə ediblər. Onlar zavodun quruluşu, balıqların yetişdirilməsi ilə tanış olub, onların qidalanma prosesini öyrəniblər. Eləcə də zavod nümayəndələri tələbələrə qida rasionunun tərkibi və önəmi haqda məlumat verib. Əsas diqqət tədris olunmuş fənlər üzrə tələbələrin biliklərinin istehsalat prosesini yaxından müşahidə etməklə daha da möhkəmləndirilməsinə və karyera planlaşdırılması üçün maarifləndirməyə yönəldilib.
Ekskursiya Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Lu-Mun” Holdinqin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Qeyd edək ki, bu əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər həyata keçirilir.