Neftçalada içməli su probleminin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
Neftçala, 20 iyul, Mahir Babayev, AZƏRTAC
Artıq bir müddətdir ki, Kür çayının suyunun azalması, eyni zamanda, Xəzər dənizinin çaya doğru geriyə axması nəticəsində Neftçala rayonu ərazisində içməli su problemi yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk dəfədir ki, baş verən bu təbiət hadisəsi nəticəsində rayon əhalisi su təminatda bir sıra çətinliklərlə üzləşiblər. Rayon mərkəzi də daxil olmaqla, kənd və qəsəbələrdə insanların içməli suya olan tələbatında, eyni zamanda, əkin sahələrinin və mal-qaranın suvarılması çətinləşib.
Yaranmış vəziyyətlə bağlı Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə rayonda Operativ Qərargah yaradılıb.
Əhalinin içməli su ilə təmin olunmasının ən zəruri məsələ olduğu nəzərə alınaraq “Azərsu” ASC-nin əməkdaşları Neftçalaya ezam olunub. İritutumlu (35 ton) iki su maşını ilə qonşu Salyan rayonundan gün ərzində bir neçə dəfə içməli su gətirilir. Kiçik tutumlu (5-10 ton) maşınlar vasitəsilə həmin su qəsəbə və kəndlərə paylanır.
Rayon mərkəzində yerləşən binaların, eyni zamanda, məhəllələrin hər birinə iritutumlu çənlər yerləşdirilib. Su maşınları vasitəsilə növbəli şəkildə həmin çənlərə içməli su verilir və əhali də bundan istifadə edir.
Yay aylarında tələbatın çoxluğunu nəzərə alaraq mümkün olan yerlərdə aparılan geoloji-kəşfiyyat işlərindən sonra artezian quyuları qazılıb və proses hazırda davam edir.
Müxtəlif təşkilatlar, Milli Məclisin deputatları, su şirkətləri tərəfindən artıq bir neçə dəfə rayona içməli su gətirilib, daha çox yaşlı, əlil və bu kateqoriyadan olan insanlara verilib. Bu işdə rayon könüllüləri də yaxından iştirak edirlər.
Problemin həlli istiqamətində ən vacib məsələ rayona su xəttinin çəkilməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bunun üçün 5 milyon manat vəsait ayrılıb. Artıq Salyan rayonu ərazisində yerləşən su anbarından 44 kilometr uzunluğunda yeni xəttin çəkilməsi həyata keçirilir. İşlərin daha da sürətlə irəliləməsi üçün bütün zəruri tədbirlər görülür.