Neftçalada koronavirus pandemiyasının genişlənməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Bakı, 19 iyun, AZƏRTAC
Elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kapital Bankın Neftçala filialında 2200 nəfər üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımların və əmək pensiyalarının alınması zamanı sakinlərin həmin əraziyə axınını nəzərə alaraq polis əməkdaşları tərəfindən buraya xüsusi şəkildə nəzarət edilir. Vətəndaşların rahatlığını təmin etmək üçün sosial məsafə gözlənilməklə həmin ərazidə stullar düzülüb, isti hava şəraitini nəzərə alaraq mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilib, tibbi maskası olmayanlara maskalar paylanılıb. Vətəndaşlar da onlara göstərilən bu diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.