İDMAN
“Neftçi” doğma meydanda “Səbail”i, “Qəbələ” isə səfərdə “Sumqayıt”ı məğlub edib
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Futbol üzrə Topaz Premyer Liqasının XXV turuna üç oyunla yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Neftçi” doğma meydanda “Səbail” klubunu qəbul edib. Hesabı oyunun favoriti sayılan “Neftçi” komandası açıb. Matçın 33-cü dəqiqəsində Namiq Ələsgərov fərqlənib - 1:0. Qoldan dörd dəqiqə sonra meydan sahibləri ikinci qolu rəqibin qapısından keçirib. Rəhman Hacıyev adını tabloya yazdırıb - 2:0. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra qarşılaşmanın 81-ci dəqiqəsində Lukas Gomez künc zərbəsindən sonra hesab arasındakı fərqi üç topa çatdırıb -3:0. Oyunda son nöqtəni 84-cü dəqiqədə Yevgeni Koçukun sahəsində qonaqlar qoyub - 3:1. Beləliklə, oyun “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Neftçi” xallarının sayını 43-ə çatdıraraq üçüncü pilləyə yüksəlib, “Səbail” isə 23 xalla yeddinci yerdədir.
Digər oyun “Kapital Arena”da keçirilib. Avrokuboklara çıxmaq ümidini itirməyən “Sumqayıt” klubu Premyer liqada gümüş medalları özlərinə təmin etmiş “Qəbələ” komandasını qəbul edib. Qarşılaşmanın 36-cı dəqiqəsində Baqali Dabo dəqiqə zərbə ilə hesabı açıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra oyunun əsas vaxtına iki dəqiqə qalmış Cavid Hüseynov hesabı artırıb - 2:0.
Qarşılıqlı hücumlar şəraitində keçən qalan dəqiqələrdə hesab dəyişməyib. Beləliklə, görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Zirə idman kompleksində keçirilən oyunda isə “Zirə” “Kəpəz”i qəbul edib. Qarşılaşma zirəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Riçard Qardze və Tellur Mütəllimov fərqlənib, qonaqlarda isə yeganə qolun müəllifi S.Rəhimov olub.
Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 43 xalla üçüncü yerdədir.
Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (41 xal), “Sumqayıt” 40 (xal), “Keşlə” (28), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.