“Neftçi” klubu dünya qadın seriyasının Şuşa mərhələsində növbəti qələbəsini qazanıb
Şuşa, 12 iyun, Leyla Muradzadə, AZƏRTAC
Bakının “Neftçi” klubu 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Bakı təmsilçisi Rumıniya millisindən (20:11) sonra Türkiyə yığması ilə qarşılaşıb. Üstün oyun nümayiş etdirən “Neftçi” 21:7 hesablı qələbəyə sevinib.
Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.
Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.