NƏRƏ BALIĞI ZAVODUNUN YUBİLEYİ
Azərbaycanda qiymətli balıq növlərinin yetişdirilməsi ilə dörd xüsusi müəssisə məşğul olur. AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkəmizdə ilk belə müəssisə 1954-cü ildə işə salınmış Əli Bayramlı nərə balığı zavodudur. Onun ardınca daha iki müəssisə istifadəyə verilmişdir. Müasir tipli Xıllı nərə balığı zavodu isə 2003-cü ildən fəaliyyət göstərir. Müəssisənin işə salınması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı kollektivi daha səylə çalışmağa ruhlandırmışdır.
Sələflərindən fərqli, ən mütərəqqi texnologiyalarla təchiz edilmiş müəssisə hazırda Xəzər dənizi hövzəsində ən müasir istehsalatdır.
Dünya Bankı “Təxirəsalınmaz ekoloji sərmayələr” layihəsi çərçivəsində zavodun tikintisinə 6 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayırmışdır. Layihənin sifarişçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında layihələri reallaşdırma qrupudur. “Billur” yerli istehsalat firmasında hazırlanmış layihəni “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyətinin mütəxəssisləri həyata keçirmişlər. Texnoloji avadanlıq Almaniyanın “FERROSTAAL” şirkəti tərəfindən gətirilmiş, layihənin məsləhətçisi kimi Fransanın “SOFREQO” şirkəti çıxış etmişdir.
Zavodda 5 növ nərə balığı yetişdirilir. Fəaliyyət göstərdiyi 5 il müddətində müəssisədə təxminən 35 milyon müxtəlif növ körpə nərə balığı yetişdirilərək, Kür çayının mənsəbinə buraxılmışdır.