Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş dəyirmi masalar
Bakı, 16 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin pedaqoji heyəti tərəfindən dərnək üzvləri üçün Azərbaycanın görkəmli yazıçısı, dövlət xadimi, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş onlayn dəyirmi masalar təşkil edilib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məqsəd Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, xatirəsini əziz tutmaq, həmçinin uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək olub.
Dəyirmi masalarda uşaq-gənclər inkişaf mərkəzlərindən müxtəlif dərnəklər üzrə ümumilikdə 1000-ə yaxın dərnək üzvü, 70-dən artıq pedaqoji heyət iştirak edib. Pedaqoji heyət tərəfindən Nəriman Nərimanovun bədii yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən danışılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb, həmçinin yazıçının elmi əsərlərindən nümunələr səsləndirilib, dərnək üzvlərinin hazırladıqları rəsmlər, videoçarxlar nümayiş olunub.