Nəsimi Rayon Prokurorluğunda seminar keçirilib
Bakı, 23 may, Göyçək Mahmudlu, AZƏRTAC
Mayın 23-də Nəsimi Rayon Prokurorluğunda “Hüquq və suverenlik: Prokurorluğun yeni çağırışları” mövzusunda seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr və media nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Nəsimi rayon prokuroru Həsən Hənifəyev Azərbaycanın dövlət suverenliyinin qorunmasında, müasir hüquq sisteminin formalaşdırılmasında və Konstitusiyanın qəbul olunması prosesində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib. O, bu sahədə gənclərin biliklərinin artırılmasının, eləcə də onların vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşov və Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov hüquqi maarifləndirmənin, prokurorluq orqanları ilə bağlı müasir çağırışların və cəmiyyətlə əlaqələrin əhəmiyyətindən danışıblar.
Çıxışlarda, həmçinin vurğulanıb ki, 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası xalqın suveren iradəsini əks etdirib və bu proses Ulu Öndər Heydər Əliyevin liderliyi ilə həyata keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş olunub.
Seminarda tələbələrin sualları cavablandırılıb.