Nəsimi rayonunda evdən oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 20 iyul, AZƏRTAC
Nəsimi rayonunda, Bakıxanov küçəsindəki evlərdən birindən oğurluq edilib. Naməlum şəxslər evə daxil olaraq oradan müxtəlif firmalara məxsus qızıl-zinət və geyim əşyaları, o cümlədən müvafiq sənədləri olan iki ədəd ov tüfəngi oğurlayıblar. Hadisə zamanı ev sahiblərinə ümumilikdə 9 min manata yaxın maddi ziyan dəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən Əli Allahverdiyev və Etibar Cabbarov Nəsimi Rayon Polis İdarəsinin və 20-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıblar. Hadisənin baş verdiyi gün saxlanılan şəxslərin oğurluğa Etibar Cabbarova məxsus “KIA” markalı avtomobillə getdikləri müəyyənləşdirilib. Onlardan mənzildən oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Belə ki, İdarəyə Eltun adlı şəxsin üzərində qanunsuz şəkildə silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs - İmişli rayon sakini Eltun Məmmədov Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində axtarış aparılan zaman “Makarov” markalı tapança, daraq və beş patron aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.