Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
Bakı, 16 aprel, AZƏRTAC
Nəsimi rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbir olaraq rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metro stansiyalarının çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiya olunması işləri davam etdirilir.
Nəsimi rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.
Tətbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin siyahısı dəqiqləşdirilib, RİH əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilib. Həmin kateqoriyadan olan daha 500 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb, həmçinin onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.