Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib
Bakı, 9 iyun, AZƏRTAC
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər görülür.
Milli Qurtuluş Günü ərəfəsində aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 700-dən artıq sakinin yaşadığı 3-cü mikrorayonda Cavadxan küçəsindəki hər biri 4 girişli, 5 mərtəbəli olan 28 və 32 saylı binaların yerləşdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 28 və 32 saylı binaların fasadları əsaslı təmir edilib, dam örtükləri təmir olunub, yağış suları axıdan borular və navalçalar yenilənib, 28 saylı binanın 4 ədəd giriş qapısı və 16 ədəd pəncərəsi dəyişdirilib, giriş hissələri aqlay daşla üzlənib.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 500 kvadratmetrə yaxın tamet daşı vurulub, 1000 kvadratmetrdən artıq qazon salınıb, 300 poqonometrlik yeni bardürlər qoyulub. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Həyətdə 500-dək ağac və müxtəlif növ gül kolları əkilib. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 200 poqonometrə yaxın su xətti çəkilib. Həyətdə 7 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır. Görülən işlərə görə rayon sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
Rayon ərazisində fevral ayından başlayaraq hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.