“NETTY2015” mükafatında iştirak üçün ərizələrin qəbulu yekunlaşır
Bakı, 15 aprel, AZƏRTAC
“NETTY2015” mükafatında iştirak üçün ərizələrin qəbulu aprelin 24-dək yekunlaşır. Nominantların seçimi aprelin 25-dən sonra başlayır. Yalnız ekspert şurasının nümayəndələri və səsvermədən əvvəl “Virtual jüri” qismində qeydiyyatdan keçmiş şəxslər müsabiqədə saytlar üzrə səs verə bilərlər.
Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədən keçənlər “NETTY” heykəlciyi alacaqlar. Həmçinin “NETTY2015”in partnyorları da qaliblərə müəyyən hədiyyələr verəcəklər. Ölkənin aparıcı kabel və internet operatoru KATV1 partnyorluq çərçivəsində qaliblərə internet televiziyasına baxmaq üçün ən yeni resiverlər hədiyyə edəcək və şirkətin xidmətlərinə qoşula biləcəklər. Domen-qeydiyyatçısı və hostinq-provayder smarthost.az mükafatının hər bir qalibinə pulsuz olaraq hostinq-paket və “az” zonasında domenin qeydiyyatını hədiyyə edəcək. Bütün nominantlara isə il ərzində hostinq paketindən istifadə etmək imkanı yaradılacaq. Eyni zamanda, mükafatın informasiya partnyoru olan “Infocity” jurnalından pulsuz illik abunə qazanacaqlar.
Müsabiqə Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilir. “NETTY2015” tərəfdaşları qismində “BakuTel” sərgisi, “Tabasko Branding Bureau” və “SmartHost” şirkətləri çıxış edirlər.
Qeyd edək ki, “NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis olunub. “NETTY” Ümumdünya Şəbəkəsinin milli seqmentinin və informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.