“Neymar Jr’s Five” futbol turniri yenidən Azərbaycanda
Bakı, 15 may, AZƏRTAC
Artıq üçüncü ildir ki, məşhur futbolçu Neymar tərəfindən təqdim edilmiş “Neymar Jr’s Five” futbol turniri azərbaycanlı gənclər üçün öz istedadlarını göstərməyə şərait yaradır və onlara futbolçunun vətəni Braziliyada keçiriləcək final mərhələsində iştirak etmək imkanını verir.
AZƏRTAC xəbər verir ki, “Neymar Jr’s Five” -“beşin beşə” qlobal futbol turniridir və dünyanın hər bir tərəfindən ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ildə turnirdə Azərbaycan da daxil olmaqla 53 ölkəni təmsil edən 100 mindən artıq oyunçu iştirak edib. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışlarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq iyulun 21-də Braziliyada üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.
Neymarın özü bu layihənin inkişafında yaxından iştirak edir: “Mən çox şadam ki, ildən ilə bu yarışda iştirak edən oyunçuların, komandaların və iştirakçı ölkələrin sayı artır», - deyə o, öz müsahibəsində bildirib.
AFFA-nın dəstəyi ilə Azərbaycanda keçiriləcək seçim mərhələləri Gəncədə mayın 19-da, Lənkəranda mayın 26-da və Bakıda iyunun 1-3-də təşkil olunacaq. Milli final mərhələsi Bakıda iyunun 17-də keçiriləcək.
Yarışda altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçulardan dördü 16-25 yaş arası, digər ikisi isə 25 yaşdan böyük ola bilər. Qeydiyyatdan keçmək üçün - https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olmaq lazımdır.
2017-ci ilin qalibi olan“ Şirinlər” komandası artıq bir dəfə Braziliyada olub və bu fürsəti əldən verməmək üçün onlar yenə də mübarizə aparmağa hazırdırlar.
“Dünya finalında ölkəni təmsil etmək böyük bir qürurdur və biz 53 ölkədən olan ən yaxşı oyunçularla layiqli mübarizə aparmaq üçün əlimizdən gələn hər bir şeyi etdik. Bu il də komandamızın bəzi oyunçuları seçim mərhələlərində iştirak edəcək”, - deyə ötənilki qalib komandanın kapitanı Elməddin Hüseynov bildirib. Vurğulayıb ki, qalib olmaq üçün ən əsası, bir yumruq kimi əsl komanda olmaq, bütün diqqəti oyuna yönəltmək və qaydaları pozmamaq lazımdır.