Nicat Abbasov beynəlxalq şahmat festivalının liderindən yarım xal geridədir
Bakı, 14 aprel, AZƏRTAC
Türkiyənin Ordu şəhərində Beynəlxalq Şahmat Festivalı davam edir. “A” turnirində 51 şahmatçı, o cümlədən Azərbaycan təmsilçiləri Nicat Abbasov və Zaur Məmmədov daxil olmaqla 14 qrossmeyster iştirak edir.
AZƏRTAC xəbər verir ki, “A” turnirində altı turdan sonra 5 xal toplayan gürcü Qiqa Kuparadze liderlik edir. Nicat Abbasov, rusiyalı Vasili Papin və türkiyəli Kıvanc Haznedaroğlu liderdən yarım xal, daha doqquz şahmatçı, o cümlədən Zaur Məmmədov isə bir xal geridədir.
Yeddinci turda Nicat Abbasov qara fiqurlarla Kıvanc Haznedaroğluna, Zaur Məmmədov isə ağlarla ukraynalı Vitali Sivuqa qarşı oynayacaq.
Beynəlxalq festival İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.