Niderland və Azərbaycan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev bu ölkə parlamentinin deputatı, xarici əlaqələr komitəsinin üzvü, “Denk”(“Düşün”) partiyasının sədri Tunahan Kuzu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə C.Mirzəyev deputata Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrdə inkişafa nail olması, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Azərbaycan diplomatı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi və həlli yolları ilə bağlı T.Kuzu ilə fikir mübadiləsi aparıb.
T.Kuzu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bildirib.
Müvəqqəti işlər vəkili ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlərarası münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu, qarşılıqlı səfərlərin təşkil edilməsinin bu sahədə əməkdaşlığa müstəsna töhfə verdiyini bildirib. O, bu xüsusda Azərbaycan parlamentində Azərbaycan-Niderland dostluq qrupunun fəaliyyət göstərdiyini, bu baxımdan Niderland parlamentində də eyni adlı dostluq qrupunun təsis edilməsinin vacibliyini vurğulayıb.
T.Kuzu öz növbəsində, Niderland və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsində mənsub olduğu partiyanın maraqlı olduğunu, Azərbaycan deputatlarının Niderland parlamentində salamlamaqdan məmnunluq duyacağını dilə gətirib, bu kontekstdə Azərbaycan parlamentində fəaliyyət göstərən Azərbaycan-Niderland dostluq qrupunun sədrini Niderland parlamentinin xarici əlaqələr komitəsində görüşlər keçirməyə dəvət etməyə hazır olduğunu qeyd edib. O, yaxın günlərdə Azərbaycan parlamentinə müvafiq dəvət məktubunu göndərəcəyini ifadə edib.
Görüşdə Niderlandda təhsil alan iki azərbaycanlı tələbənin Niderland parlamentində 3 aylıq təcrübə keçməsi ilə bağlı razılıq əldə edilib.