NİKOLAY BAYBAKOV BAKIYA GƏLMİŞDİR<
O, “HEYDƏR ƏLİYEV” FİLMİNDƏ ÇƏKİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təyyarənin pilləkəni yanında hörmətli qonağı Vaqif Mustafayev və filmin quruluşçu operatoru Valentin Piqanov qarşılamışlar.
Nikolay Baybakov demişdir ki, Heydər Əliyev adına beynəlxalq hava limanına enməyimdən çox məmnunam. Heydər Əliyevin nəhəng xidmətlərini qymətləndirmək üçün onun adı hələ qurub-yaratdığı çox obyektlərə verilməlidir. O, çox işlər görmüşdür. 30 ildən artıq müddətdə onunla bir yerdə işləmiş, ünsiyyətdə olmuşam. Mən 1965-ci ildə SSRİ Plan Komitəsinin sədri və SSRİ Nazirlər Soveti sədrinin müavini təyin olunandan sonra Heydər Əliyevlə daha sıx əlaqə saxlamışıq. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunandan sonra, demək olar, hər gün görüşürdük. İqtisadiyyatın inkişafı ilə bağlı bütün sahələrdə onun xidmətlərinin izi qalmışdır. Bunları saymaqla qurtarmaq mümkün deyil.
Doğma Azərbaycanın iqtisadiyyatının inkişafına onun töhfələri saysız-hesabsızdır. Heydər Əliyev Azərbaycanın tərəqqisinə bütün həyatını sərf etmişdir. Onun keçmiş SSRİ iqtisadiyyatının inkişafına verdiyi töhfələri yada salmaq üçün Baykal-Amur magistralının çəkilişini xatırlatmaq kifayətdir. Təəssüf ki, M.Qorbaçov hakimiyyətə gələndən sonra hər şeyi korladı... Bir müddət, təxminən iki il, hər ikimiz SSRİ hökumətində müşavir işlədik. Sonra mən pensiyaya çıxdım, Heydər Əliyeviç isə Vətəninə qayıtdı. Sözün əsl mənasında, yeni, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Hər bir ölkənin belə qüdrətli və hərtərəfli inkişaf etmiş adama böyük ehtiyacı var. Onun işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
N.Baybakov çəkiləcək filmə münasibətini bildirərək dedi ki, rejissor Vaqif Mustafayevin can-dildən bu işə girişməsini alqışlayıram. Göstərdiyi cəhdə görə ona “Çox sağ ol” deyirəm. Ümid edirəm ki, yaxşı bir film alınacaq.