“Nissan” şirkəti əməkdaşlarına Karlos Qon və Qreq Kelli ilə təması qadağan edib
Tokio, 26 dekabr, AZƏRTAC
“Nissan” şirkəti əməkdaşlarına direktorlar şurasının sabiq sədri Karlos Qon və onun köməkçisi Qreq Kelli ilə, o cümlədən onların vəkilləri ilə istənilən formada təmasda olmağı qadağan edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bununla əlaqədar şirkətin rəhbərliyi əməkdaşlara elektron məktub göndərib. Qeyd edilir ki, K.Qon “ciddi qanun pozuntularına görə” həbs olunub, eyni zamanda, Q.Kelli də cinayətə yol verib. “Nissan” şirkətinin bütün dünyadakı əməkdaşlarına ünvanlanan müraciət K.Qon, Q.Kelli və onların vəkilləri, o cümlədən istənilən nümayəndələri ilə danışmağı və ya istənilən digər formada ünsiyyətdə olmağı qadağan edir.
Təlimata əsasən, həmin şəxslər əməkdaşlara zəng edəcəyi təqdirdə onlarla istənilən formada əlaqənin qadağan edildiyi bildirilməlidir. Eyni zamanda, onlardan daxil olan elektron və ya adi məktublara da cavab vermək olmaz.
Bütün bunlara baxmayaraq, “qara siyahıya” daxil edilən bu şəxslərin şirkətin əməkdaşı əlaqəyə girəcəyi təqdirdə, həmin əməkdaş mütləq bu barədə “Nissan”ın hüquq departamentini məlumatlandırmalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio