Niyazinin mənzil-muzeyinin açılışının 30-cu ildönümü münasibətilə tədbir keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin açılışının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Mənzil-muzeyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar muzeyin foyesində hazırlanmış “Muzeyin tarixindən” adlı fotosərgi ilə tanış olublar.
Sonra tədbir Ümummilli Lider Heydər Əliyevin 1994-cü il sentyabr ayının 18-də muzeyin açılışındakı nitqinin videoyazısı ilə başlayıb.
Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzeyin fəaliyyət göstərdiyi illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışıb. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbir iştirakçıları, həmçinin muzeyin 30 illik yubileyi münasibətilə təkrar nəşr edilmiş “Niyazinin Mənzil Muzeyi-30” bukleti (Azərbaycan, rus və ingilis dillərində) ilə tanış olublar.
Daha sonra Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev muzeyin həmkarlar ittifaqı üzvlərini yubiley münasibətilə təbrik edib, muzeyin rəhbərliyi və bir sıra əməkdaşları mükafatlandırılıb.
Bədii hissədə Dövlət Akademik Opera və Balet Teatrının artistlərinin ifasında Ü.Hacıbəylinin, Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.