Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Münxen Təhlükəsizlik Konfransında iştirak ediblər








Bakı, 18 fevral, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – BMT Baş Assambleyasının 73-cü Prezidenti Maria Fernanda Espinosa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İsrailin sabiq Baş naziri Tzipi Livni, Ərəb Liqasının sabiq baş katibi Amr Musa, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, Mərkəzin baş katibi Rövşən Muradov və baş məsləhətçi Rza Əliyev 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində Mərkəzin üzvləri konfransda iştirak edən ölkə və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri ilə bir sıra yüksəksəviyyəli görüşlər keçiriblər.
Bu çərçivədə Moldova Prezidenti Maya Sandu, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, COP29-un Prezidenti Muxtar Babayev, Beynəlxalq Enerji Agentliyinin Baş direktoru Fatih Birol, BMT İnkişaf Proqramının administratoru Axim Şteyner, Monqolustanın sabiq Prezidenti Tsaxiagiin Elbeqdorj, Çin Xalq Respublikasının Xarici Əlaqələr Komitəsinin sabiq sədr müavini və sabiq xarici işlər nazirinin müavini Fu Ying və digər BMT təşkilatlarının rəhbərləri ilə görüşlər olub. Bu görüşlərdə qlobal çağırışlar, beynəlxalq təhlükəsizlik məsələləri və davamlı inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, üç gün davam edən Münxen Təhlükəsizlik Konfransında dünyanın 60-dan çox dövlət və hökumət başçısı qlobal xarakterli problemləri müzakirə edib və perspektivləri dəyərləndiriblər.