“Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər” monoqrafiyası çapdan çıxıb
Bakı, 23 dekabr, AZƏRTAC
Filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədovanın “Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər” monoqrafiyası işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, rəyçiləri - Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov, filologiya üzrə fəlsəfə doktorları Şəhla Məcidova və Bilqeyis Quliyevadır.
Kitabda Yaxın və Orta Şərq təfəkkürü tarixində yeni epoxanın əsasını qoymuş dahi Azərbaycan şairi Nizami Gəncəvinin etik-estetik, poetik-fəlsəfi görüşlərinin məcmusu olan “Xəmsə” məsnəviləri nəzəri-filoloji aspektdə tədqiqata cəlb edilib. Şairin bədii irsinin ideya-tematik və poetik xüsusiyyətlərinin öyrənilməsi ilə müqayisədə adətən arxa planda qalan nəzəri-dilçilik məsələləri də tədqiq olunub.
Monoqrafiyanın “Ədəbiyyatşünaslıq” bölməsində şairin bədii irsində atalar sözləri, hikmətli ifadələrin işlənmə dairəsi, gül adlarının poetik xüsusiyyətləri, sağlamlığa, tibbə dair tövsiyələr və qadağalar, Nizami tədqiqatçıları kimi geniş əhatə dairəsinə malik mövzular elmi təhlilə cəlb olunub.
Yeni nəşr şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulub.