Nizami rayonunda mart soyqırımı ilə bağlı tədbir keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Nizami rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və erməni daşnakları tərəfindən törədilmiş qırğının dəhşətlərindən bəhs edən sənədli film nümayiş olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat verib. Bildirilib ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib.
Sədaqət Vəliyeva vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və başqaları bildiriblər ki, soyqırımının dərindən öyrənilməsi, anılması, xatırlanması ölkədə vətənpərvərlik hissinin güclənməsinə, azərbaycançılıq ideologiyasının dərindən dərk edilməsinə əhəmiyyətli təsir göstərir.