SİYASƏT
Nizami Səfərov: Bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20 faiz artıb
Bakı, 8 dekabr, AZƏRTAC
Son 10 ayda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olub. Bunun 6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu da 20 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Səfərov söyləyib.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından danışan N.Səfərov müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndiyini bildirib.
Dövlətlərarası və hökumətlərarası münasibətlərin yeni mərhələdə inkişafını qeyd edən Milli Məclisin deputatı keçirilən görüşləri və tədbirləri əlaqələrimizin dərinləşməsi istiqamətində ciddi təkan kimi dəyərləndirib.
N.Səfərov, həmçinin bildirib ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Sülhün bərqərar olması, kommunikasiyaların açılması region ölkələrinin inkişafına öz töhfəsini verə bilər.