NORVEÇ HÖKUMƏTİ AZƏRBAYCANDA BƏLƏDİYYƏLƏRİN İNKİŞAFINA KÖMƏKLİK GÖSTƏRMƏYƏ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri Azərbaycan ilə Norveç arasında əlaqələrin inkişafında bu cür görüşlərin əhəmiyyətindən danışmış, ölkəmizdə gedən demokratik proseslər barədə ətraflı məlumat vermişdir. Zahid Qaralov qeyd etmişdir ki, Konstitusiyaya müvafiq olaraq Azərbaycanda yerli özünüidarə orqanları – bələdiyyələr yaradılmışdır. Bu qurumun fəaliyyətini düzgün təşkil etmək üçün xarici ölkələrin, o cümlədən Norveçin təcrübəsi diqqətlə öyrənilmişdir. Bələdiyyələrin işini daha da təkmilləşdirmək üçün Azərbaycan Avropa Xartiyasına qoşulmuşdur. Milli Məclisin regional məsələlər daimi komissiyası bələdiyyələrlə bağlı 36 qanun hazırlamış və bu sənədlər parlamentdə qəbul edilmişdir. Eyni zamanda, qanunvericilik aktlarına 140-a qədər əlavə və dəyişikliklər olunmuşdur. Bu ilin sonunda bələdiyyələrə növbəti seçkilər keçiriləcək. Milli Məclis tərəfindən qəbul edilmiş və Avropa Şurasında yüksək qiymətləndirilmiş yeni Seçki Məcəlləsi seçkilərin demokratik keçirilməsinə tam şərait yaratmışdır. Buna baxmayaraq, yenə də müəyyən köməyə ehtiyac vardır və ümid edirik ki, Norveç bu sahədə dərin təcrübəyə malik ölkə kimi Azərbaycana yardımlarını bundan sonra da davam etdirəcəkdir.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən səfir Steynar Gil demişdir ki, onun ölkəsi Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıq etməyə hazırdır. Norveç hökumətinin əsas məqsədlərindən biri də yerli özünüidarə orqanlarının işinin səmərəli təşkilində Azərbaycanla əlaqələri genişləndirməkdir. Norveçin yerli özünüidarə orqanları ilə iş üzrə xüsusi nümayəndəsi hazırda Azərbaycandadır və konkret olaraq məhz bu məsələ ilə məşğuldur.
Diplomat onu da bildirmişdir ki, Norveç bir aydan sonra Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək. Azərbaycanın bu təşkilatla əməkdaşlığı təqdirəlayiqdir.
Sonra qonaq bələdiyyə seçkilərinə texniki hazırlığın vəziyyəti, majoritar seçki sistemindəki təkmilləşdirmə və digər məsələlərlə maraqlanmışdır.
Zahid Qaralov diplomatı maraqlandıran suallara ətraflı cavab vermiş, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Milli Məclisin regional məsələlər daimi komissiyasının üzvləri və Norveç səfirliyinin birinci katibi iştirak etmişlər.