Növbəti monitorinq Xəzərin Abşeron sahilində keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Abşeron yarımadasının Xəzərsahili ərazilərində növbəti monitorinq keçiriblər. Monitorinqlər zamanı dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
İdarənin direktoru Ərəstun Həsənov AZƏRTAC-a bildirib ki, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Xətai, Səbail və Qaradağ rayonlarının, həmçinin Sumqayıtın çimərlik ərazilərində aparılan monitorinqlərin nəticəsinə görə, dəniz suyunun çirklənmə səviyyəsi bəzi ərazilərdə yenə də normadan artıqdır: “Bilgəh, Nardaran, Pirşağı və Mərdəkan sahillərində isə çirklənmə səviyyəsi norma daxilindədir. Bu ərazilərdən götürülən su nümunələrinin müqayisəli təhlili göstərir ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar ictimai-iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən dənizə atılan tullantılar kifayət qədər azalıb və dənizdə özünübərpa, təmizləmə prosesi gedib”.
İdarə direktorunun sözlərinə görə, Binəqədi, Qaradağ, Suraxanı, Xətai, Səbail və Sumqayıt sahillərində dəniz suyu yenə də çirkli olaraq qalır. Çirklənmə səviyyəsində cüzi azalma müşahidə olunsa da, yenə də göstəricilər normadan artıqdır. Buna səbəb ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.
Ə.Həsənov qeyd edib ki, belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün dənizi çirkləndirənlərə müvafiq tapşırıqlar verilib və xəbərdarlıq-bildiriş məktubları göndərilib.