Növbəti virtual səyahət Tərtər rayonunadır
Bakı, 21 aprel, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində virtual turları davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihədə Xızı, Ucar, Göyçay, Ağcabədi, Qax rayon və Şəki şəhər mərkəzi kitabxanaları da fəal iştirak edirlər.
Vətənimizə virtual səyahətlərin təşkili ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq və ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən ciddi karantin rejimində insanların vaxtlarını səmərəli keçirmək məqsədilə vətənimizi tanıtmaqdır.
Növbəti virtual səyahətin məkanı Tərtərdir. Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə maraqlı və səfalı ərazidə yerləşən Tərtər rayonunun iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Tərtər və Xaçınçay çayları bu rayonun ərazisi ilə axır. Rayon Kür-Araz ovalığının qərb hissəsində, Qarabağ düzündə yerləşir. Buranın tarixi adı Çaparxana olub.
Videoçarx Tərtər rayonu haqqında ümumi məlumatla başlayır, burada rayonun ərazisi, əhalisinin, habelə şəhər, qəsəbə, kənd və bələdiyyələrinin sayı göstərilir, rayonun müasir binaları, istirahət mərkəzləri, parkları haqqında fotolar əks olunur. Onların arasında Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyi xüsusi maraq doğurur. Dünya əhəmiyyətli arxeoloji abidələr, ölkə əhəmiyyətli daşınmaz arxeoloji abidələr, yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, Kəngərli kəndindəki türbə, Qaradağlı və Qaynaq kəndlərindəki məscidlər və Buzxana haqqında məlumatla yanaşı, onların fotoları da verilir.
Videoçarxda Tərtərin bir sıra görkəmli şəxsiyyətləri haqqında məlumat və onların fotoları ilə də tanış olmaq olar.
Tərtərin heyvanat və bitki aləmini, əks etdirən fotolar video səyahəti daha da maraqlı edir. Zəngin Tərtər mətbəxini əks etdirən rəngarəng fotolar burada yer alıb.
Videoçarx Anar Yusifzadənin ifasında “Tərtər” mahnısı ilə müşayiət olunur.
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları, həmçinin "Facebook"da “Kitabsevər uşaqlar” səhifəsindən də izləmək mümkündür.
“Vətənimizə virtual səyahət” adlı layihə əsasında Azərbaycanın şəhər və rayonları haqqında silsilə videoçarxlar hazırlanır.