Novosibirsk vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə edilib
Moskva, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev Novosibirskdə işgüzar səfərdə olub.
Ticarət Nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində bir sıra görüşlər təşkil edilib, həmin görüşlərdə Novosibirsk vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, yeni investisiya layihələrinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Ruslan Əliyev Novosibirsk vilayəti qubernatorunun müavini Sergey Syomka ilə görüşüb. Ölkəmizin RF-dəki ticarət nümayəndəsi Azərbaycanın yeni iqtisadi və investisiya strategiyası barədə ətraflı məlumat verib. Görüşdə, həmçinin “Rus-Azərbaycan Evi” regional ictimai təşkilatının sədri, Novosibirsk vilayəti qanunvericilik məclisinin deputatı Mayis Məmmədov və “BPK” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Vüqar Yusifov da iştirak edib.
Ruslan Əliyev səfər çərçivəsində Novosibirsk vilayətindəki Maslyaninsk rayonunun rəhbəri, 2019-cu ildən region qubernatorunun kənd ərazilərinin inkişafı məsələləri üzrə müavini təyin olunmuş Vyaçeslav Yarmanov ilə görüşüb.
Azərbaycanın ticarət nümayəndəsi səmimi qəbul üçün vilayət qubernatorunun müavininə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun “Azərbaycan muğamları” layihəsi çərçivəsində yaradılmış “Qarabağ xanəndələri” musiqi albomunu ona təqdim edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva