“NOVOSTİ” AGENTLİYİNDƏ QURANIN YENİ TƏRCÜMƏSİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Böyük maraqla qarşılanmış kitabın təqimatında tərcümənin müəllifi Elmir Quliyev, Rusiya Müftilər Şurası sədrinin müavini Marat Həzrət Murtazin, “Ümma” nəşriyyat evinin başçısı Aslam Ejayev, KİV nümayəndələri iştirak etmişlər.
Mərasimdə bildirildi ki, Rusiya Müftilər Şurası bu tərcüməni Tanrı sözünün anlanılması yolunda yeni pillə sanır və Quranın məğzini təhrif etməyən hər hansı tərcümə təqdir olunmalıdır. M.Murtazin çıxışında dedi ki, Quranın Sablukov, Kraçkovski, Osmanov tərəfindən edilmiş tərcümələri və Elmir Quliyevin bu tərcüməsi indi istifadə olunan nəşrlər arasında daha sanballıdır. O, tərcümə üzərində işləyərkən ənənəvi qaynaqlardan bəhrələnməyə və Ulu Tanrının vəhyini əks etdirən İslam ruhunu saxlamağa çalışmışdır.
E.Quliyev çıxışında bildirdi ki, onun tərcüməyə yanaşma tərzi Allahın nazil etdiklərini inam mövqeyindən anlamağa çalışması ilə fərqlənir. Onun sözlərinə görə, indiyədək tərcüməyə sırf elmi mövqedən yanaşılırdı və bu səbəbdən də tərcümələr təsviri xarakter daşıyırdı. O, etiraf etdi ki, əlbəttə, tərcüməsi mükəmməl deyildir və ona görə də tərcüməçilik işini və elmi axtarışları dayandırmayacaq, mütəxəssislərin və oxucuların bütün qeydlərini və arzularını nəzərə alacaqdır.
“Ümma” nəşriyyat evinin başçısı Aslam Ejayev çıxışında dedi ki, naşirlər Elmir Quliyevin kitabını “Quranın mənaları”nın tərcüməsi adlandırmağı üstün tuturlar. Lakin bu müqəddəs kitabın hər hansı dilə tam müvafiq tərcüməsi, hər halda, mümkün deyildir.
Kitab gələn həftədən satışa göndəriləcəkdir. İlkin tiraj 10 min nüsxədir və gələcəkdə onu artırmaq nəzərdə tutulur.