NURİDƏ ATƏŞİ: SAVAŞIMI VAR GÜCÜMLƏ DAVAM ETDİRİRƏM
Kitabın müəllifi N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, “Yeni körpü” jurnalının baş redaktoru, pedaqoji elmlər doktoru, şairə-publisist Nuridə Atəşi 2003-cü ildə Berlində yaratdığı institutun fəaliyyəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, fəaliyyətə başladıqları ilk gündən Avropa mətbuatında, dərsliklərində, ədəbiyyatında Azərbaycan, Qarabağ həqiqətlərinin birtərəfli işıqlandırılmasına qarşı ölkənin bütün dairələrinə etirazlarımızı bildirdik. Bu həqiqətlərin ört-basdır və təhrif edilməsinə qarşı mübarizəyə qalxdıq. 2000-ci ildə Almaniyanın “Vestermann” nəşriyyatı tərəfindən buraxılmış Coğrafiya dərsliyində Azərbaycan həqiqətləri saxtalaşdırılmışdır. Dərslikdə hətta Azərbaycanın xəritəsində belə dəyişiklik olunmuş, vətənimizin ayrılmaz hissəsi olan Qarabağ torpaqları Ermənistana aid edilmişdi. Bu haqsızlığa qarşı etirazımızı bildirərək, dərsliyin təcili surətdə dəyişdirilməsini Almaniya Təhsil və Mədəniyyət nazirliklərindən, Berlin Məktəb Senatorluğu və “Vestermann” nəşriyyatından tələb etdik. Məsul şəxslər haqlı etirazla tam razılaşdılar və dərsliyin ən qısa zamanda dəyişdirilməsinə dair qərar qəbul olundu. İki ildən artıqdır ki, almanca və azərbaycanca “Yeni körpü” juranalını nəşr edirik. Hələ vətənimizin problemləri çoxdur, buna görə də var gücümlə yazıb-yaradır, savaşımı əzm və iradə ilə davam etdirirəm.
N.Atəşi “Orijinaldan tərcümələr” kitabı haqqında demişdir ki, burada alman klassikləri Göte, Şiller, Heyne, Nitsşedən tutmuş müasir alman şairləri Hans Kruppa, alman dilində yazıb-yaradan Şahruz Raşid, Zafer Şenocaq və digər şairlərin şeirlərini orijinaldan Azərbaycan dilinə tərcümə etmişəm. Kitab 2006-cı ildə Bakıda “Nurlan” nəşriyyatı tərəfindən çap olunmuşdur. Biz indi Azərbaycan şeiri antologiyasını - Nizami, Füzuli, Nəsimi və digər klassik və müasir Azərbaycan şairlərinin əsərlərinin almancaya tərcüməsini hazırlayırıq.
Mərasimin sonunda Nuridə Atəşi jurnalistləri maraqlandıran suallara cavab vermişdir.