SİYASƏT
NÜVƏ SINAQLARININ QADAĞAN EDİLMƏSİNƏ DAİR SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Martın 25-də Avropa otelində Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (NSHQOMT) Mərkəzi Asiya və Qafqazdan olan üzv ölkələr ilə beynəlxalq əməkdaşlığına dair seminar öz işinə başlamışdır.
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev seminar iştirakçılarını salamlayaraq demişdir ki, bu seminarın Bakıda keçirilməsi Azərbaycanın kütləvi qırğın silahlarının istehsalı, yayılması və sınaqdan keçirilməsinin əleyhinə olduğunu əyani sübut edir. Bu tədbir nüvə sınaqlarının qadağan edilməsi ilə bağlı regionda əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəkdir. Azərbaycan problemin vacibliyini nəzərə alaraq bu istiqamətdə əməkdaşlığın inkişafı üçün bütün addımları atacaqdır.
Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatının icraçı katibi Volfqanq Hoffmann Azərbaycanın dövlət başçısına və hökumətinə seminarın təşkilinə görə təşəkkürünü bildirərək dedi ki, bu tədbir təşkilatın 2002-ci ildə İstanbulda keçirilən seminarın bir növ davamıdır. Amma ötən dövr ərzində bir sıra mühüm addımlar atılmış və xeyli işlər görülmüşdür. Azərbaycanın bu Müqaviləyə qoşulması və tədbirin Bakıda keçirilməsi onu göstərir ki, ölkəniz həqiqətən də nüvə silahlarının yayılmasının qarşısının alınmasına və nüvə sınaqlarının hərtərəfli qadağan edilməsinə çalışır. İnanırıq ki, Qafqazda və Mərkəzi Asiyada əməkdaşlığın inkişafında Azərbaycan xüsusi rol oynayacaqdır.
Sonra seminar iştirakçıları gündəlikdə duran digər məsələlərin müzakirəsinə başlamışlar.
Seminar martın 27-dək davam edəcəkdir.