Nyu-Yorkda Qara Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir
Vaşinqton, 20 yanvar (AZƏRTAC). Nyu-Yorkdakı “Əyyub Sultan” Mədəniyyət Mərkəzində Qara Yanvar şəhidlərinin xatirə gecəsi keçirilmişdir.
Tədbir Amerikanın Azərbaycanlı Qadınlar Assosiasiyası tərəfindən təşkil edilmişdir.
Təşkilatın rəhbəri Münəvvər Vahabova qonaqları salamlayaraq müasir Azərbaycan tarixində faciəli 1990-cı ilin 20 Yanvar hadisələri barədə danışmışdır. M.Vahabova qeyd etmişdir ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik əldə etməsində mühüm rol oynamışdır.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin konsulu Emil Səfərov və mədəni inkişaf mərkəzinin rəhbəri Gəray Əlibəyov da çıxış etmişlər. Emil Səfərov bu cür tədbirlərin Azərbaycan diasporu və onun gənc nümayəndələri üçün əhəmiyyətini vurğulamış, Gəray Əlibəyov isə sovet qoşunları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayət barədə söhbət açaraq qeyd etmişdir ki, yaxın vaxtlarda Nyu-Yorkda Azərbaycan kinematoqrafçılarının çəkdikləri “Cavad xan” bədii filminin premyerası olacaqdır.
Nyu-Yorkdakı Kolumbiya Universitetinin məzunu Fuad Kərimov Qara Yanvar faciəsi barədə söhbət açaraq vurğulamışdır ki, Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi dünya azərbaycanlılarının ürəyində əbədi yaşayacaqdır.
Gecədə 1990-cı il Yanvar hadisələrinin sənədli xronika kadrları nümayiş olunmuş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Nyu-Yorkun Azərbaycan və türk icmalarının üzvləri, Azərbaycanın Vaşinqtonda və Nyu-Yorkda diplomatik missiyalarının əməkdaşları iştirak etmişlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton