O seçilərsə parlament kiçiləcək, idarəetmə sistemi yenilənəcək
Paris, 3 avqust, AZƏRTAC
Fransanın keçmiş Baş naziri və prezidentliyə namizəd Qabriel Attal hakimiyyətə gələcəyi təqdirdə 1958-ci ildən bəri ölkənin ən genişmiqyaslı institusional islahatını həyata keçirəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Journal du Dimanche” qəzetinə verdiyi müsahibədə danışıb.
Hazırda "Renaissance" partiyasına rəhbərlik edən Attalın planına əsasən, seçkilərdən sonra Fransa vətəndaşlarının müzakirəsinə ölkənin idarəetmə sisteminin yenidən qurulmasını nəzərdə tutan geniş islahat paketi təqdim olunacaq. O, payızda ölkənin həddindən artıq Paris mərkəzçiliyindən uzaqlaşdırılmasını və bələdiyyə sədrlərinin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan yeni ərazi idarəetmə modelini irəli sürəcəyini bildirib.
Namizəd, həmçinin Konstitusiyaya dövlət idarəçiliyində operativlik prinsipinin daxil edilməsini təklif edir. Layihəyə görə, dövlət qurumları hər hansı layihə ilə bağlı müraciətə maksimum iki ay ərzində cavab verməlidir. Bu müddətdə cavab verilməzsə, müraciət avtomatik olaraq təsdiqlənmiş hesab ediləcək.
Attal inzibati məhkəmə çəkişmələrinin də müddətini məhdudlaşdırmaq niyyətindədir. Onun fikrincə, bütün inzibati şikayət prosedurları maksimum 18 ay ərzində başa çatmalıdır ki, layihələr illərlə ləngiməsin.
Keçmiş Baş nazir strateji dövlət vəzifələrinə təyinat sisteminin də dəyişdirilməsini təklif edir. Onun sözlərinə görə, seçilmiş prezident öz siyasi proqramını həyata keçirmək üçün əsas vəzifələrə həmin proqramı icra edəcək şəxsləri təyin etmək səlahiyyətinə malik olmalıdır. Attal hesab edir ki, bu dəyişiklik icra hakimiyyətinə ictimai etimadı gücləndirəcək.
İslahat paketində parlamentin tərkibinin ixtisarı da nəzərdə tutulur. O, deputatların sayının 577-dən 350-yə, senatorların sayının isə 348-dən 200-ə endirilməsini təklif edir. Attal bu addımın həm parlamentin fəaliyyətini daha səmərəli edəcəyini, həm də dövlət büdcəsinə hər il yüz milyonlarla avro qənaət qazandıracağını bildirir.
Prezidentliyə namizəd hər il xüsusi referendum gününün keçirilməsini də təklif edir. Onun planına əsasən, siyasi qüvvələr və sosial tərəfdaşlarla əvvəlcədən müzakirə edilmiş müxtəlif mövzular üzrə vətəndaşlara eyni gündə bir neçə seçimli sual təqdim olunacaq.
Attal məhkəmə sisteminin dərin islahatını, immiqrasiya üçün məhdud kvotaların tətbiqini, könüllü əsaslarla 100 min dövlət qulluqçusunun işdən ayrılması proqramını və bunun üçün maliyyə kompensasiyası verilməsini də proqramına daxil edib. Pensiya sahəsində isə o, qanuni pensiya yaşının ləğv edilərək, kapital yığımını da nəzərdə tutan universal sistemin yaradılmasının tərəfdarı olduğunu bir daha vurğulayıb.