Ödənişsiz onlayn təlimlər keçirilir
İsmayıllı, 8 iyun, AZƏRTAC
İsmayıllıda turizm üzrə çalışanlar üçün ödənişsiz onlayn təlimlər keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 30-a yaxın mehmanxana və bu tip digər obyektlərin, habelə restoranların işçiləri canlı görüntü ilə bu sahədə xidmətlərin sirlərini, incəliklərini öyrənirlər. Təlimlər idarəetmə, qeydiyyat, qəbul, aşpaz, ofisiant və təmizlik xidmətlərini əhatə edir.
Turizm üzrə peşəkarlığın artırılması məqsədilə təşkil olunan təlimlərə 55 nəfər qatılıb. Dövlət humanitar və texnologiya kolleci və peşə tədris mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlər hər gün 35 dəqiqə olmaqla, bir həftə davam edəcək. Sonda iştirakçılara sertifikatlar veriləcək.
Layihə rayon icra hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi yanında İsmayıllı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”da qarşıya qoyulan vəzifələrdən irəli gəlir.