Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri müəyyənləşdirilib
Bakı, 22 avqust, AZƏRTAC
Bakıda və Lənkəranda oğurluqla məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Rzayev oğurluq etdiyinə görə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Onunla bağlı aparılmış əməliyyat tədbirləri ilə həmin şəxsin müxtəlif vaxtlarda rayon ərazisindəki altı evdən 2000 manat dəyərində qızıl əşyalar, 1070 manat dəyərində televizor, 9 ədəd qapı qıfılı, 800 manat dəyərində məişət əşyaları, 500 metr elektrik naqili və su nasosu oğurlaması da müəyyənləşdirilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 13-də rayondakı evlərin birindən 4 min manat dəyərində işıq generatoru, su mühərriki, 100 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Aşağı Nüvədi kənd sakini Q.Həsənov yaxalanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.