OĞUZ KONSERV ZAVODU İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də Oğuz konserv zavodunda olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisə 1987-ci ildə Nic konserv zavodunun bir sexinin bazasında yaradılmışdı və konservlər, müxtəlif növ şirələr, tomat istehsal edirdi. 1994-cü ildən fəaliyyətini tam dayandırmışdı. 2004-cü ildə zavod tam özəlləşdirildikdən sonra burada istehsalın bərpasına başlanmışdır. Yenidənqurma işləri ilkin mərhələdə zavodda 35-40 daimi iş yeri açmağa imkan vermişdir. Sentyabr ayından əhalidən meyvə-tərəvəz qəbuluna başlanması, Oğuz meşələrində yetişən zoğal, əzgil, yemişan, çaytikanı və digər meyvələrin tədarükünə əhalinin marağının artırılması məşğulluq probleminin həllinə öz töhfəsini verəcəkdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında konservləşdirilmiş meyvə-tərəvəz məhsulları istehsalının dəstəklənməsi zavodun dirçəldilməsinə marağı artırmışdır. Mütəxəssis rəyinə əsasən, müəssisənin köhnə avadanlığının modernləşdirilməsi nəticəsində quraşdırılmış yeni xətt burada hər cür konservlər, geniş çeşiddə mürəbbə və şirələr istehsalına imkan verir.
Müəssisədə ekoloji cəhətdən təmiz təbii şirələrin, təbii otların konsentratlarının istehsalı nəzərdə tutulur. Bunun sayəsində zavod istər respublikamızda, istərsə də xaricdə yaxşı imic qazana biləcəkdir.
Prezident İlham Əliyev zavodda istehsal prosesi, məhsulların keyfiyyəti və çeşidləri ilə maraqlandı, yerli mütəxəssislər tərəfindən quraşdırılmış avadanlıqla tanış oldu və görülən işləri yüksək qiymətləndirdi.