OĞUZ RAYONU AĞSAQQALLAR ŞURASININ SƏDRİ ƏHMƏD ƏHMƏDOVUN ÇIXIŞI
- Hörmətli Prezidentimiz!
Sizi respublikamızın dilbər guşələrindən biri olan Oğuzda rayonumuzun bütün zəhmətkeşləri adından, əmək və müharibə veteranları, ziyalıları adından salamlayır, Sizə “Xoş gəlmisiniz!” deyirəm.
Hörmətli Prezident!
Sizin bu gəlişiniz oğuzlular üçün tarixi bir hadisə kimi daim yadda qalacaqdır. Ona görə ki, Azərbaycanın rəhbəri, Prezident kimi birinci dəfədir bu rayona Siz gəlibsiniz. Sizin qədəmləriniz mübarək olsun. İnanırıq ki, Sizin bu gəlişiniz uğurlu olacaq, bütün sahələrdə inkişafa güclü təkan verəcəkdir. Bir də ona görə ki, hər halda, Sizin bu səfəriniz respublikamızın ayrı-ayrı nazirlərinin, komitə sədrlərinin də buraya gəlməsinə təsir edəcəkdir.
Hörmətli Prezidentimiz!
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasında gördüyü işlərin hamısı göz qabağındadır. Onun siyasətini həmişə müdafiə etmişik, yenə də müdafiə edirik. Çünki onun gördüyü işləri danmaq, inkar etmək, həqiqətən insafsızlıq olardı. Onun bütün həyatı respublikamızın inkişafına yönəlmişdi. Demək istərdim ki, ümummilli liderimiz Heydər Əliyevin xalqımıza ən böyük xidməti, ən yüksək hədiyyəsi o olub ki, Sizin kimi bir övlad yetişdirib Azərbaycan xalqına bəxş etmişdir.
İki aydan sonra Sizin Prezidentlik fəaliyyətinizin iki ili tamam olacaqdır. Həqiqi mənada Sizin rəhbərliyiniz dövründə respublikamızın bütün rayonlarında, bölgələrində, o cümlədən Oğuzda gördüyünüz işlər öz müsbət nəticələrini vermişdir.
Rayon mərkəzində, bütün kəndlərdə təmir, abadlıq işləri gedir. Sizin Prezidentlik fəaliyyətiniz dövründə əmək haqlarını, pensiyaları artırmısınız və yenə artırılacağı gözlənilir. Bütün bunlar biz oğuzluları sevindirir, sizə öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Apardığınız bu siyasət Oğuz sakinləri, ziyalıları tərəfindən müdafiə edilir.
May ayında Oğuz rayonuna yeni icra hakimiyyəti başçısı təyin edilmişdir. Onun fəaliyyəti nəticəsində hazırda rayonumuzda böyük quruculuq işləri gedir. Açıq demək lazımdır və bu, faktdır, onun təyin olunmasından sonra böyük işlər başlanılmışdır və hazırda davam etdirilir. Rayonda tikilən 6 məktəb binasından biri artıq hazırdır. Bu gün toplaşdığımız və ulu rəhbərimizin adını daşıyan park, eləcə də yeni istifadəyə verilən fındıq emalı zavodu son bir ilin obyektlərindəndir. Qarabağ əlilləri, şəhid ailələri üçün 12 mənzilli bina hazırdır, istifadəyə veriləcək, orderləri sahiblərinə çatdırılacaqdır.
Hörmətli Prezidentimiz! Sizin başqa dövlətlərə səfərləriniz, orada etdiyiniz məzmunlu çıxışlarınız, eləcə də respublikamızın regionlarına səfərləriniz, camaatla, xalqla səmimi görüşləriniz, söhbətləriniz biz oğuzluları sevindirir, bununla fəxr edirik.
İndi respublikamızda parlament seçkilərinə hazırlıq gedir. Onu da Sizə deyim ki, hörmətli Prezidentimiz, Oğuz rayonu ötən parlament, prezident seçkilərində olduğu kimi, bu seçkilərə də mütəşəkkil surətdə hazırlaşıbdır. Biz ən layiqli, ən çalışqan oğul və qızlarımıza səs verəcəyik. Buna əmin ola bilərsiniz.
Nəhayət, sözümü yekunlaşdırıb demək istəyirəm ki, Oğuz zəhmətkeşləri, Oğuz camaatı Sizin daxili və xarici siyasətinizi bəyənir, müdafiə edir, bundan sonra da müdafiə edəcəkdir. Biz bir daha Sizə və Sizinlə gələn bütün qonaqlarımıza “Xoş gəlmisiniz!” deyirik. Sizə möhkəm cansağlığı, ailə səadəti, şərəfli, məsul vəzifənizdə böyük-böyük müvəffəqiyyətlər arzu edirik.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.
/Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur/.
Prezident İlham Əliyev Oğuz sakinləri ilə səmimi söhbət etdi, onların qayğıları və problemləri ilə maraqlandı, şikayətlərini dinlədi, ona təqdim olunan məktublarda qaldırılan məsələlərin araşdırılıb həll ediləcəyini vurğuladı.
Xalqın yaşayışının yaxşılaşdırılması üçün görülən işlərdən razı qaldıqlarını söyləyən oğuzlular ümummilli liderimiz Heydər Əliyevə Allahdan rəhmət dilədilər, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin bütün fəaliyyətini dəstəklədiklərini vurğuladılar və bu yolda daha böyük uğurlar dilədilər.